Zamanın nisbiliyi ilə bağlı açıqlamalardan və ayələrdən göründüyü kimi zaman hiss ilə bağlı dəyişən, qeyri-sabit anlayışdır. Məsələn, bizim üçün milyonlarla il davam edən zaman kəsiyi Allah Qatında bir andır. Bizim üçün 50 min illik müddət mələklər və Cəbrayıl üçün bir gündür.
Bu həqiqətin bilinməsi qədər mövzusunun qavranması üçün çox vacibdir. Çünki qədər Allahın keçmiş və gələcək bütün hadisələri “tək bir an” içərisində yaratmasıdır. Bu da Allah Qatında kainatın yaradıldığı andan qiyamətə qədər olan hər hadisənin yaşanmış və bitmiş olması deməkdir. İnsanların bir çoxu Allahın hələ yaşanmamış hadisələri əvvəlcədən necə bildiyini, Allah Qatından keçmiş və gələcək bütün hadisələrin necə yaşanıb bitdiyini və qədərin gerçəkliyini heç cür qavraya bilmirlər. Əslində isə “yaşanmamış hadisələr” bizim nöqteyi-nəzərimizdən yaşanmamış hadisələrdir. Çünki, biz Allahın yaratdığı zamana bağlı şəkildə yaşayırıq və hafizəmizə verilən məlumatlar olmadan heçnə bilə bilmərik. Allah dünyadakı imtahan mühitinə görə “gələcək” adlandırdığımız hadisələri hafizəmizə vermədiyi üçün gələcəkdə nə olacağını da bilmərik. Allah isə zaman və məkandan asılı deyil, onsuz da bunların hamısını yoxdan yaradan Özüdür. Buna görə Allah üçün keçmiş, gələcək və hal-hazırkı an hamısı birdir və hamısı olub bitmişdir. Allah bir hadisənin sonunu görmək üçün gözləmir. Onsuz da bir hadisənin əvvəli də, sonu da Onun Qatında tək bir anda yaşanır. Məsələn, Fironun sonunun necə olduğunu Allah hələ Hz. Musanı Firona göndərmədən, Hz. Musa hələ doğulmadan, hətta Misir dövləti hələ qurulmadan əvvəl bilir və bütün bu hadisələr Fironun sonu ilə birlikdə Allah Qatında tək bir an kimi yaşanmışdır. Bundan əlavə, Allah üçün keçmişi xatırlama deyə bir şey də yoxdur. Keçmiş və gələcək hazır olaraq Allahın daima qarşısındadır, hamısı eyni anda mövcuddur.
İnsan bütün həyatını film lenti kimi düşünsə, biz bu lenti videokassetdən seyr edən kimi seyr edirik və kasseti irəli fırlatmaq kimi imkanımız yoxdur. Allah isə bu film lentini bütünlüklə eyni anda görür və bilir. Onsuz da bu filmi bütün detalları ilə müəyyən etmiş və yaratmış olan Odur. Biz necə bir xətkeşin başını, ortasını və sonunu bir dəfədə görə biliriksə, Allah bizim bağlı olduğumuz zamanı başından sonuna qədər tək bir an olaraq əhatə etmişdir. İnsanlar isə sadəcə zamanı gəldikdə bu hadisələri yaşayaraq Allahın onlar üçün yaratdığı qədərə şahid olurlar. Bu, dünyadakı bütün insanların qədərləri üçün də etibarlıdır. Bu günə qədər yaradılmış və bu gündən sonra da yaradılacaq bütün insanların dünya və axirətdəki həyatları, hər anları ilə Allahın Qatında hazır və yaşanmış şəkildə mövcuddur. Allahın sonsuz “hifzində” milyardlarla insanla birlikdə bütün canlıların, planetlərin, bitkilərin, əşyaların qədərində yazılmış hadisələr də heç əskilmədən və ya itmədən durur. Qədər gerçəyi Allahın Hafiz (Mühafizə edən, Qoruyan) sifətinin, sonsuz gücünün, qüdrətinin və böyüklüyünün təcəllilərindən biridir.