İnsanların yuxarıda izah edilən həqiqətlərə, yəni görmə, eşitmə, dadbilmə kimi hisslərin hamısının beyində əmələ gəlməsi hissini dərk etməyə mane olan ən əsas amillərdən biri toxunma hissidir. Məsələn, bu kitabı beynində gördüyünü dediyiniz insan diqqətli düşünmədikdə “beynimdə görmürəm, bax, əlimlə toxunuram” deyəcək. “Bu kitabın xarici aləmdə maddi cəhətdən necə olduğunu bilmirik, biz sadəcə kitabın beynimizin içindəki görüntüsünü görə bilirik” dedikdə yenə eyni səthi düşüncəyə malik bir insan “xeyr, bax, əlimlə tuturam və bərkliyini hiss edirəm, deməli, necə olduğunu bilirəm.” deyə cavab verəcəkdir.
Əslində isə bu insanların anlaya bilmədikləri və ya anlamadıqları kimi davrandıqları həqiqət budur: bütün digər duyğu orqanlarımız kimi toxunma hissi də beyində əmələ gəlir. Yəni, siz hər hansı bir cismə toxunduqda onun bərk, yumşaq, nəm, yapışqan və ya zərif olduğunu beyninizdə hiss edirsiniz. Barmaq uclarınıza gələn təsirlər beyninizə yenə elektrik siqnalı kimi ötürülür və beyninizdə bu siqnallar toxunma hissi kimi şərh edilir. Məsələn, siz hamar olmayan səthə toxunduqda onun əslində nahamar olub-olmadığını və ya hamar olmayan yerin əslində necə bir hiss oyandırdığını əsla bilmirsiniz. Çünki siz hamar olmayan səthin əslinə heç vaxt toxuna bilməzsiniz. Sizin hamar olmayan yer haqqında hissləriniz beyninizin müəyyən oyanmaları şərh etmə şəklidir.
Çay içərək yaxın dostu ilə söhbət edən insan isti çay stəkanına toxunduqda əli yanarkən dərhal stəkanı əlindən qoyur. Ancaq burada da sözügedən şəxs stəkanın istiliyini əslində əlində deyil, beynində hiss edir. Həmin şəxs çayın dadını və qoxusunu da beynində hiss edir, görüntüsünü isə beynində seyr edir. Lakin insan ləzzətlə içdiyi çayın əslində beynindəki surəti ilə təmasda olduğunun fərqinə varmayaraq stəkanın əsli ilə təmasda olduğunu zənn edərək görüntüsü beynində əmələ gələn dostu ilə söhbət edir. Əslində bu çox qeyri-adi vəziyyətdir. İnsanın stəkanın bərkliyindən, istiliyindən, çayın qoxusundan, dadından təsirlənərək stəkanın əslinə toxunduğunu, çayın əslini içdiyini düşünməsi bu şəxsə beynində yaşadılan hisslərin heyrətamiz dərəcədə aydın və mükəmməl olduğunu göstərir. Üzərində diqqətlə düşünməli bu vacib həqiqəti XX əsrin məşhur mütəfəkkiri Bertrand Russell belə ifadə etmişdir:
“... Barmaqlarımızla stola əl vurduğumuz andakı toxunma hissinə gəlincə, bu barmaq uclarındakı elektron və protonlar üzərindəki elektrik təsiridir. Müasir fizikaya görə stoldakı elektron və protonların yaxınlığından meydana gəlmişdir. Əgər barmaq uclarımızdakı eyni təsir başqa yolla ortaya çıxsaydı, heç masa olmamasına baxmayaraq, eyni şeyi hiss edəcəkdik.”
Russellin diqqət çəkdiyi cəhət son dərəcə əhəmiyyətlidir. Həqiqətən də əgər barmaq uclarımızda başqa bir yolla oyanma olsa, çox fərqli hissləri duya bilərik. Belə ki, sonrakı səhifələrdə ətraflı şəkildə görüləcəyi kimi dövrümüzdə stimulyatorlar vasitəsilə bu edilir. Ələ taxılan xüsusi əlcək ilə insan həmin mühitdə olmadığı halda pişiyi oxşadığını, əl verib görüşdüyünü, suyun altında əlini yuduğunu və ya bərk cismə toxunduğunu hiss edir. Əslində isə toxunduğunu hiss etdiyi bu varlıqların heç biri yoxdur. Bütün bunlar insanın həyatındakı bütün hissləri beynində qavradığının qəti dəlilidir.