RƏNGLƏR DƏ BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR

Biz doğulduğumuz andan etibarən ətrafımızda rəngli dünya görür, rəngarəng mühitlə təmasda oluruq. Əslində isə kainatda heç bir rəng yoxdur. Rənglər beynimizin içində əmələ gəlir. Xaricdə sadəcə fərqli dalğa uzunluqlarına malik elektrik dalğaları var. Gözümüzə çatan bu fərqli dalğa  uzunluqlarındakı enerjidir.

Yuxarıda da bildirildiyi kimi biz buna işıq deyirik, ancaq bu, bizim bildiyimiz mənada parlaq, aydın işıq deyil, sadəcə enerjidir. Beynimiz bu fərqli dalğa uzunluqlarına malik enerjini şərh etdikdə biz onları “rənglər” kimi görürük. Əslində isə nə dənizlər mavi, nə otlar yaşıl, nə torpaq qəhvəyi, nə də meyvələr rənglidir. Onlar sadəcə beynimizdə o cür qavradığımız üçün elədirlər. Şüur və beyin haqqında yazdığı kitabları ilə Daniel C. Dennet bu həqiqəti belə izah edir:

"Ortaq qənaətə əsasən elm, rəngləri fiziki dünyadan ayırmış və əvəzinə sadəcə rəngsiz, fərqli dalğa uzunluqlarındakı elektromaqnit şüaları saxlamışdır."

Dennet beyinlə bağlı bir kitabında rənglərin meydana gəlməsi haqqında bunları deyir:

"Dünyada rəng yoxdur, rəng sadəcə baxanın gözündə və beynində əmələ gəlir. Cisimlər işığın fərqli dalğa uzunluqlarını əks etdirirlər, ancaq bu işıq dalğalarının rəngi yoxdur."

Bu elmi həqiqətin daha yaxşı başa düşülməsi üçün rəngləri necə gördüyümüzü qısaca nəzərdən keçirək.

Günəşdən gələn işıqlar bir cismə toxunduqda hər cisim işığı fərqli dalğa uzunluğunda əks etdirir. Bu fərqli dalğa uzunluqlarındakı işıq gözə çatır (Burada işıq olaraq bəhs edilənin əslində elektromaqnit dalğalar və fotonlar olduğu, bizə məlum olan işığın isə sadəcə beynimizdə əmələ gəldiyini unutmamaq lazımdır). Rəngin qavranılması gözün tor qişasındakı kolbacıqlarda başlayır. Tor qişada işığın müəyyən dalğa uzunluğuna cavab verən üç əsas kolbacıq hüceyrə qrupu var. Bu hüceyrə qruplarının birincisi qırmızı, ikincisi mavi, üçüncüsü ilə yaşıl işığa həssasdır. Bu üç fərqli kolbacıq hüceyrənin müxtəlif nisbətlərdə oyandırılması nəticəsində milyonlarla müxtəlif rəng çaları ortaya çıxır. Ancaq işığın kolbacıq hüceyrələrə çatması rənglərin əmələ gəlməsi üçün kifayət deyil. Johns Hopkins Universiteti tibb fakültəsindən tədqiqatçı Jeremy Nathans gözdəki hüceyrələrin rəngləri əmələ gətirmədiyini belə bildirir:

"Hər hansı bir kolbacıq hüceyrənin üzərinə düşən tək şey işığı tutub gərginliyi haqqında məlumat verməkdir. Rəng haqqında sizə heç bir şey demir."

Kolbacıq hüceyrələr qəbul etdikləri bu rəng məlumatlarını malik olduqları piqmentlər vasitəsilə elektrik siqnallarına çevirirlər. Bu hüceyrələrlə əlaqədar olan sinir hüceyrələri də elektrik siqnallarını beyindəki xüsusi bölgəyə göndərirlər. Həyatımız boyu gördüyümüz rəngarəng dünyamızın əmələ gəldiyi yer elə beyindəki bu xüsusi bölgədir. Beləliklə, beynimizdən xaricdə rənglər yoxdur, işıq da yoxdur. Sadəcə elektromaqnit dalğalar və ya hissəciklər şəklində hərəkət edən enerji var. Həm rənglər, həm də işıq sadəcə bizim beynimizdədir. Yəni, biz gülü qırmızı olduğu üçün qırmızı rəngdə görmürük. Bizim gülü qırmızı görməyimizin səbəbi tor qişamıza təsir edən enerjinin beynimiz tərəfindən qırmızı kimi şərh edilməsidir.

Rəng korluğu rənglərin beynimizdə əmələ gəlməsinin vacib dəlillərindəndir. Məlumdur ki, gözdəki tor qişada əmələ gələn kiçik pozuntu rəng korluğuna səbəb olur. Belə olduqda insan yaşıl ilə qırmızını bir-birindən ayırd edə bilmir. Bu halda xarici aləmdəki cismin “rəngli” olub-olmaması vacib deyil. Çünki biz cisimləri onlar rəngli olduqlarına görə rəngli görmürük. Buradakı nəticə bundan ibarətdir: varlıqlara aid etdiyimiz bütün xüsusiyyətlər “xarici dünyada” deyil, beynimizdədir. Biz heç vaxt hisslərimizdən kənara çıxaraq xarici aləmə çıxa bilməyəcəyimizə görə maddələrin və ya rənglərin əsillərini də bilmərik. Məşhur mütəfəkkir Berkeley də bu həqiqətə aşağıdakı sözləri ilə diqqət çəkir:

"Qısaca desək, eyni şeylər, eyni zamanda bəziləri üçün qırmızı, bəziləri üçün isti, bəziləri üçün tam əksi ola bilirsə, bu o deməkdir ki, biz illüziyaların təsirindəyik..."

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme