QƏDƏRƏ TƏSLİMİYYƏTİN ƏHƏMİYYƏTİ

Keçmiş və gələcəyin əslində Allah Qatında yaradılmış və yaşanmış şəkildə gizli və hazır hadisələr olması bizə çox vacib həqiqəti göstərir: hər insan qeyd-şərtsiz qədərinə təslim olmuşdur. İnsan necə keçmişini dəyişdirə bilmirsə, gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır; gələcəyindəki bütün hadisələr, nə zaman, harada, nə yemək yeyəcəyi, necə, harada öləcəyi-hamısı məlumdur və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah Qatında, Allahın hafizəsində yaşanmış şəkildə mövcuddur. Sadəcə bunların məlumatı hələ onun hafizəsində deyil.

Ona görə başlarına gələn hadisələrə kədərlənən, əsəbləşən, qışqıranlar, gələcəyi üçün narahat olanlar, hirslənənlər əslində özlərini boş yerə üzürlər. Çünki necə olacağından qayğı və qorxu duyduqları gələcəkləri onsuz da yaşanmışdır və nə etsələr də, bunları dəyişdirmə imkanları yoxdur. Burada bir cəhətə diqqət edilməlidir: yanlış qədər anlayışından qaçmaq lazımdır. Bəzi insanlar “onsuzda qədərimdə nə varsa, o da olacaq, elə isə mənim nəsə etməyimə ehtiyac yoxdur.” deyərək səhv qədər anlayışı əmələ gətirirlər. Hər yaşadığımızın qədərimizdə müəyyən edildiyi həqiqətdir. Biz hələ o hadisəni yaşamazdan əvvəl o hadisə Allah Qatında yaşanmışdır və məlumatı da bütün detalları ilə Allah Qatındakı Lövhi-Məhfuz adlı kitabda yazılmışdır. Ancaq Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərar və seçiminə görə hərəkət etməyə imkanı var imiş kimi hiss verir. Məsələn, insan su içmək istədikdə bunun üçün “qədərimdə varsa, içəcəyəm” deyərək oturub gözləməz. Bundan ötrü qalxar, stəkanı alar və suyunu içər. Həqiqətən də qədərində müəyyən edilmiş stəkanda, müəyyən edilmiş miqdarda suyu içir. Ancaq bunları edərkən öz iradəsi və istəyi ilə etdiyini hiss edir və həyatı boyu bu hissi hər etdiyi işdə yaşayır. Allaha və Allahın yaratdığı qədərinə təslim olmuş insan ilə bu həqiqəti qavraya bilməyən insan arasındakı fərq budur: təslimiyyəti olan insan özü etdiyi hissini yaşamasına baxmayaraq bunların hamısını Allahın istəyi ilə etdiyini bilir. Digəri isə hər etdiyini öz ağlı və gücü ilə etdiyini zənn edərək yanılır.

Məsələn, xəstəliyi olduğunu öyrənən təslimiyyətli insan bunun qədərində olduğunu bildiyi üçün çox təvəkküllü davranır. “Allah bunu qədərimdə yaratdığına görə mütləq böyük xeyir var” deyə düşünür. Amma “onsuzda, qədərimdə sağalmaq varsa, sağalacağam” deyərək tədbir almadan gözləməz. Əksinə, mümkün olan bütün tədbirləri görər. Həkimə gedər, qidalanmasına diqqət edər, dərmanlarını qəbul edər. Ancaq getdiyi həkimin, həkimin yazdığı müalicənin, qəbul etdiyi dərmanların, bunların ona nə qədər təsir edəcəyinin, sağalıb-sağalmayacağının, qısaca desək, hər detalın qədərində olduğunu unutmaz. Bunların hamısının Allahın hafizəsində hələ o, dünyaya gəlməzdən əvvəl hazır şəkildə olduğunu bilir. Allah Quranda insanların yaşadıqları hər şeyin əvvəlcədən bir kitabda yazılı olduğunu belə bildirir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid surəsi, 22-23)

Elə buna görə qədərə iman gətirən insan başına gələn heç bir hadisəyə görə kədərlənməz, ümidsizliyə qapılmaz. Əksinə, son dərəcə təvəkküllü, təslimiyyətli və daima rahat olar. Çünki Allah insanların başlarına gələn hər şeyin əvvəlcədən müəyyən olduğunu, buna görə başlarına gələn çətinliklər üçün kədərlənməmələrini və onlara verilən nemətlərə görə azmamalarını əmr etmişdir. İnsanın qarşılaşdığı çətinliklər də, əldə etdiyi uğur və zənginliklər də Allahın təqdiri ilədir. Bunların hamısı Rəbbimizin insanları sınamaq üçün qədərlərində əvvəlcədən müəyyən etdiyi hadisələrdir. Bir ayədə bildirildiyi kimi, “... Allahın əmri əzəli hökmdür!” (Əhzab surəsi, 38). Allah başqa bir ayəsində isə “Şübhəsiz ki, Biz hər şeyi qədər ilə yaratdıq.” (Qəmər surəsi, 49) deyə bildirir. Sadəcə insanların deyil, bütün canlıların, əşyanın, Günəşin, Ayın, dağların, ağacların, hər varlığın Allah Qatında müəyyən edilmiş qədəri var. Məsələn, sınan antik vaza qədərində müəyyən edilən anda sınmışdır. Bir neçə əsrlik bu vaza hələ istehsal edilərkən kimlərin istifadə edəcəyi, hansı evin hansı küncündə, hansı əşyalarla birlikdə duracağı müəyyən edilmiş şəkildə istehsal edilir. Vazanın hər naxışı, üzərindəki hər rəng qədərdə əvvəlcədən müəyyən edilmişdir. Vazanın hansı gün, hansı saatda, hansı dəqiqədə, kim tərəfindən necə sınacağı da Allahın hifzində yaşanmış şəkildə durur. Hətta vazanın ilk dəfə istehsal edildiyi an, ilk dəfə satılmaq üçün vitrində qoyulduğu an, evin küncündə durduğu an və sınaraq qırıq-qırıq olduğu an, qısaca desək, antik vazanın əsrlərlə mövcud olduğu hər an Allah Qatında tək bir an kimi mövcuddur. Vazanı sındıran şəxs bir neçə saniyə əvvəl bundan xəbərsiz ikən, Allah Qatında o an yaşanmışdır və məlumdur. Buna görə Allah insanlara itirdiklərinə görə kədərlənməmələrini bildirir. Çünki əllərindən çıxan hadisələrdən dərs almalı, bunlarla tərbiyə olunmalı, bu hadisələrdəki hikmət və xeyirləri görərək daima qədərlərini yaradan sonsuz mərhəmətli, şəfqətli, ədalətli, qullarını əsirgəyən və qoruyan Rəbbimizə yönəlməlidirlər.

  Ən mühüm həqiqətdən qafil yaşayan insanlar həyatları boyu daim təşviş və qorxu içində olurlar. Məsələn, uşaqlarının gələcəyi üçün təşviş keçirirlər. Hansı məktəbdə oxuyacağı, necə peşənin sahibi olacağı, sağlamlığı, necə yaşayacağı kimi məsələlərdə təvəkkülsüz halda səy göstərirlər. Əslində isə hər insanın hələ tək hüceyrə halından ilk oxuma-yazma öyrəndiyi ana, universitetə qəbul imtahanında verdiyi cavablardan həyatı boyu hansı şirkətdə nə iş görəcəyinə, hansı kağızları neçə dəfə imzalayacağına, harada və necə öləcəyinə qədər hər anı Allah Qatında bəllidir. Bu hadisələrin hamısı Allahın hifzində gizli şəkildə durur. Məsələn, hal-hazırda hər insanın rüşeym halı, ibtidai sinifdəki vəziyyəti, universitetdəki vəziyyəti, 35 yaşını qeyd etdiyi anı, işə başladığı ilk günü, öldükdə mələkləri gördüyü an, yaxınları tərəfindən dəfn edildiyi və axirətdə Allaha hesab verdiyi anlar tək bir an kimi Allahın Qatında mövcuddur. Belə olduqda hər anı Allahın Qatında yaşanmış, görülmüş və hələ Allahın hafizəsində hazır şəkildə mövcud olan həyat üçün narahat olmaq, qorxu hiss etmək, kədərlənmək böyük qəflətdir. Nə qədər çalışsa da, nə qədər narahat olsa da, bir insanın özü də, uşağı da, həyat yoldaşı və yaxınları da özləri üçün Allah Qatında hazır şəkildə mövcud olan həyatlarını yaşayacaqlar.

Elə isə ağıl və vicdan sahibi insan bu həqiqəti qavrayaraq Allaha və Allahın yaratdığı qədərə könüldən təslim olmalıdır. Əslində hər insan onsuz da Allaha təslim olmuş və boyun əymiş şəkildə yaradılmışdır. Çünki istəsə də, istəməsə də Allahın onun üçün yaratdığı qədərə boyun əyərək yaşayır. Qədəri inkar edən insan da qədərində “qədəri inkar etmək” olduğu üçün inkarçıdır.

Allaha könüldən təslim olaraq boyun əyənlər isə həm Allahın razılığını, rəhmətini və Cənnətini qazanmağı ümid edə bilərlər, həm də dünyada və axirətdə əminlik və xoşbəxtlik içində rahat həyat yaşayarlar. Çünki Allaha təslim olan, Allahın yaratdığı qədərin onun üçün ən xeyirlisi olduğunu bilən insanı kədərləndirəcək, qorxudacaq, narahat edəcək heç bir şey yoxdur. Bu insan əlindən gəldiyi qədər səy göstərər, ancaq bu səyin də qədərində olduğunu, nə edərsə etsin, qədərində yazılı olanları dəyişdirməyə gücü çatmayacağını bilir.

Mömin Allahın yaratdığı qədərə təslim olacaq, bununla bərabər qarşılaşdığı hadisələr qarşısında əlindən gəldiyi qədər səbəblərə sarılacaq, tədbir görəcək, hadisələri xeyrə doğru yönləndirmək üçün çalışacaq, amma bütün bunların qədəri çərçivəsində həyata keçdiyi və Allahın ən xeyirlisini əvvəlcədən təqdir etdiyini dərk edəcək və rahat olacaqdır. Quranda bu cür davranışa misal olaraq Hz. Yaqubun övladlarının təhlükəsizliyi üçün aldığı tədbirdən bəhs olunur. Hz. Yaqub pis niyyətli insanların diqqətini çəkməmələri üçün oğullarına şəhərə ayrı-ayrı qapılardan girməyi nəsihət etmiş, amma bunun Allahın müəyyən etdiyi qədərə əsla təsir etməyəcəyini də onlara xatırlatmışdır:

Dedi: “Oğullarım! Eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!” (Yusif surəsi, 67)

Allah insanların nə etsələr də, qədərlərini dəyişdirə bilməyəcəklərini bir ayədə belə bildirir:

Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey varmı?” - deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur”. Onlar sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey olsaydı, elə buradaca öldürülməzdik”, - deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları yerlərə gedərdilər ki, Allah sizin ürəklərinizdə olanları yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları təmizləsin. Allah ürəklərdə olanları biləndir!” (Ali-İmran surəsi, 154)

Ayədən də göründüyü kimi insan ölməmək üçün xeyir və ibadət olan işdən qaçsa belə, əgər ona ölüm yazılmışsa, onsuz da öləcəkdir. Hətta ölümdən qaçmaq üçün əl atdığı yollar və üsullar da qədərində bəllidir və hər insan qədərindəki hadisəni yaşayacaqdır. Allah bu ayədə də insanlara qədərlərində yaratdığı hadisələrin məqsədinin onları sınamaq və onların qəlblərini təmizləmək olduğunu bildirir. Fatir surəsində isə hər insanın ömrünün Allah Qatında bəlli olduğu, ana bətninə düşən körpələrin də Allahın izni ilə olduğu bildirilir:

Allah sizi torpaqdan, sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və bari-həmlini yerə qoymaz. Ömür sahibi olan birinin uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq kitabda yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi, 11)

Qəmər Surəsinin aşağıdakı ayələrində isə insanın hər etdiyinin sətir-sətir yazılı olduğu bildirilərkən, Cənnət əhlinin yaşadıqları da yaşanmış şəkildə danışılır. Daha əvvəl də bildirildiyi kimi Cənnətdəki gerçək həyat bizim üçün gələcəkdir. Ancaq Cənnətdə olanların həyatları, söhbətləri, ziyafətləri hal-hazırda Allahın hifzində mövcuddur. Biz doğulmadan əvvəl də bütün bəşəriyyətin dünyadakı və axirətdəki gələcəyi Allah Qatında bir an içərisində yaşanmışdır və Allahın hifzində mühafizə edilir:

Onların etdiyi hər şey dəftərlərdədir! Hər bir kiçik və böyük yazılmışdır! Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında, Haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar! (Qəmər surəsi, 52-55)

Allah Qatında zamanın tək bir an olduğunu, Allah üçün keçmiş və gələcək olmadığını Quranda istifadə edilən bu üslubdan anlayırıq. Göründüyü kimi bizim üçün gələcək zamanda olacaq bəzi hadisələr Quranda çoxdan olub bitmiş  hadisə kimi danışılır. Çünki Allah keçmişi də, gələcəyi də bir an kimi artıq yaratmışdır. Buna görə gələcəkdə olacağı danışılan hadisə artıq olub bitmişdir. Amma biz görmədiyimiz üçün onu gələcək zənn edirik. Məsələn, axirətdə insanların Allaha verəcəkləri hesabın bildirildiyi ayələr çoxdan olub bitmiş hadisə kimi bəhs edilir:

Sur çalındı, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb (Allahın əmrinə) müntəzir oldular! Yer öz Rəbbinin nuru ilə işıqlandı, kitab qoyuldu; peyğəmbərlər və şahidlər gətirildi, onlar arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir! Hər kəsə öz əməlinin cəzası verildi! Allah onların nə etdiklərini ən yaxşı biləndir! Kafirlər dəstə-dəstə Cəhənnəmə sürükləndilər. Nəhayət, ora çatınca onun qapıları açıldı və Cəhənnəm gözətçiləri onlara dedilər: “Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?” Onlar isə: “Bəli” dedilər. Lakin əzab sözü kafirlər barəsində vacib oldu! Belə deyildi: “Girin Cəhənnəmin qapılarından orada əbədi qalmaq üçün!” Təkəbbür göstərənlərin məskəni necə də pisdir! Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətirildilər. Nəhayət, ora çatınca onun qapıları açıldı və (Cənnətin) gözətçiləri (onlara): “Salam əleykum! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!” - dedilər. (Zumər surəsi, 68-73)

Bu barədə digər misallar isə belədir:

Hər bir kəs bir sürüyən və bir də şahidlə gəlmişdir. (Qaf surəsi, 21)

Və (göy) süst düşüb parçalanmışdır (Haqqə surəsi, 16)

Və onları etdikləri səbr müqabilində Cənnətlə və ipəklə mükafatlandırmışdır. Onlar orada taxtlara söykənmiş, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. (İnsan surəsi, 12-13)

Cəhənnəm də hər görənə görünəcəkdir. (Naziat surəsi, 36)

Bu gün isə möminlər kafirlərə gülürlər. (Mütəffifin surəsi, 34)

Günahkarlar atəşi (Cəhənnəmi) görüncə ona düşəcəklərini yəqin etmiş və oradan baş götürüb qaçmağa bir yer tapa bilməmişlər. (Kəhf surəsi, 53)

Yuxarıdakı ayələrdə ölümümüzdən sonra yaşanacaq hadisələrdən yaşanmış və bitmiş hadisələr kimi bəhs edilir. Çünki Allah bizim bağlı olduğumuz nisbi zaman ölçüsündən və məkandan uzaqdır. Allah bütün hadisələri zamansızlıqda diləmiş, insanlar bunu etmiş, bütün bu hadisələr yaşanmış və nəticələnmişdir. Kiçik-böyük hər hadisədən Allahın xəbəri olduğunu və bir kitabda qeyd olunduğu həqiqəti isə aşağıdakı ayədə belə xəbər verilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunus surəsi, 61)

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme