MADDƏNİN GERÇƏYİ TƏK MÜTLƏQ VARLIĞIN ALLAH OLDUĞUNU GÖSTƏRİR

Bu elmin göstərdiyi ən vacib məsələlərdən biri tək mütləq varlığın Allah olduğu həqiqətidir. Materialist fəlsəfələrin təsirinə düşərək maddənin mütləq varlıq zənn edən bəzi insanlar Allahın varlığını və harada olduğunu izah edərkən son dərəcə səhv və cahil üslub istifadə edirlər. Məsələn, “Allah haradadır?” sualına “Mənə ağlını göstər, göstərə bilməzsən. Elə Allah da ağıl kimi bir həqiqətdir, ancaq görünmür” deyərək cahil cavab verirlər. Bəziləri isə (Allahı tənzih edirik) öz ağıllarına görə Allahı xəyal kimi göstərir, Allahın varlığını radio dalğalarına bənzədirlər (Allahı tənzih edirik). Onların batil fikirlərinə əsasən özləri və sahib olduqları hər şey mütləq varlıqlardır və Allahın varlığı isə bu maddi varlıqları radio dalğaları kimi əhatə edir. Əslində isə xəyal olan özləri və sahib olduqlarıdır. Tək mütləq varlıq isə Allahdır. Allahın varlığı hər şeyi əhatə etmişdir. İnsan isə heç cür mütləq varlıq olmayacağı üçün görüntüdür.

Bu həqiqəti Rəbbimiz bir ayədə belə bildirir:

Allah... başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan Onun Qatında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)

Bu həqiqətin başa düşülməsi ilə şirk qoşmadan, tək Allaha iman əmələ gəlir. Çünki Allahdan başqa bütün varlıqların kölgə varlıqlar olduqlarını bilən insan qəti imanla (haqqəl yakin dərəcəsində) “yalnız Allah var, Ondan başqa ilah (güc sahibi varlıq) yoxdur” deyir.

Allahı gözləri ilə görmədiyi üçün Allahın varlığına inanmayanların materialist iddiaları da maddənin gerçək mahiyyəti öyrənildikdə tamamilə məhv olur. Çünki bu həqiqəti öyrənən şəxs öz varlığının xəyal şəklində olduğunu anlayar. Xəyal olan varlığın isə mütləq olan varlığı görə bilməyəcəyini dərk edər. Belə ki, Quranda insanların Onu görə bilmədiyi, amma Özünün onları gördüyünü Rəbbimiz belə açıqlayır:

Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. (Ənam surəsi, 103)

Əlbəttə, biz insanları Allahın varlığını gözlərimizlə görə bilmərik. Amma bilirik ki, Allah bizim daxilimizi, zahirimizi, baxışlarımızı, düşüncələrimizi tamamilə əhatə etmişdir. Buna görə Allah Quranda Özünün “qulaqlara və gözlərə sahib olan” (Yunus surəsi, 31) olduğunu bildirir. Allahın bilmədiyi bir söz belə deyə bilmərik, hətta nəfəs belə ala bilmərik. Allah bizim etdiyimiz hər şeyi bilir, bu Quranda da belə bildirilmişdir:

Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz. (Ali-İmran surəsi, 5)

Allahın hər an bizi seyr etdiyi, gördüyü, eşitdiyi çox mühüm həqiqətdir. Bu həqiqəti anlayan insan Allahı gözləri ilə görməsə də, Onun hər an ondan xəbərdar olduğunu bilir. Buna görə nə iş görürsə görün, Allahın şahid olduğunu bilərək Allahın razı qalmayacağı davranışdan, danışıqdan, baxışdan və ya düşüncədən çəkinir. Allah hər işimizdə bizə yaxın olduğunu, bizi seyr etdiyini və heç bir şeyin Ondan uzaq olmayacağını bildirir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunus surəsi, 61)

Tək mütləq varlıq olan Allah, əlbəttə, bir xəyal kimi yaratdığı insanı hər cəhətdən tanıyır. Bu, Allah üçün çox asandır. Ancaq bəzi insanlar cahil olduqları üçün bunu başa düşməkdə çətinlik çəkirlər. Əslində isə “xarici aləm” hesab etdiyimiz hissləri seyr edərkən, yəni həyatımıza davam edərkən bizə ən yaxın olan varlığın hər hansı hiss deyil, Allahın Özü olduğu açıq-aşkar həqiqətdir. Quranda yer alan “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf surəsi, 16) ayəsinin sirri də bu həqiqətin içində gizlənir. Amma insan öz bədəninin “mütləq varlıq olan maddə”dən ibarət olduğunu zənn etdikdə bu mühüm həqiqəti qavraya bilməz. Çünki özünə ən yaxın olanın yenə öz bədəni olduğunu zənn edir. Məsələn, bu insan varlığını “beyni” kimi dərk edirsə, ona şah damarından daha yaxın  varlıq olacağını düşünməz. Əslində isə maddənin mütləq olmadığını, hər şeyin zehnində yaşadığı xəyallar olduğunu dərk etdikdə artıq çöl, içəri, uzaq, yaxın kimi anlayışların mənası qalmır. Şah damarı da, beyni, əli, ayağı, özündən kənarda zənn etdiyi evi, avtomobili və hətta çox uzaqda hesab etdiyi Günəş, Ay, ulduzlar da tək bir səth üzərindədir. Allah onu hər tərəfdən əhatə etmişdir və ona “sonsuz dərəcədə yaxın”dır.

Allah insanlara “sonsuz dərəcədə yaxın” olduğunu “Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam...” (Bəqərə surəsi, 186) ayəsi ilə də bildirir. Başqa bir ayədə işlədilən “Rəbbin insanları ehtiva etmişdir”(İsra sursəi, 60) ifadəsi də eyni həqiqətdən xəbər verir. Buna baxmayaraq bəzi insanlar özlərinə ən yaxın varlığın yenə özləri olduğunu hesab edərək yanılırlar. Əslində isə Allah bizə özümüzdən belə daha yaxındır. “(Can) boğaza yetişdiyi zaman. Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!” (Vaqiə surəsi, 83-85) ayələri ilə də insana ən yaxın varlığın Allah olduğu həqiqətinə bir daha diqqət çəkilmişdir. Həqiqətən də ölüm yatağındakı və ya xəstə yatan insan xəta ilə o an özünə ən yaxın varlığın başının üstündəki həkimi və ya onu qucaqlayan anası və ya əlini tutan, ona toxunan yaxını olduğunu düşünə bilər. Ancaq ayədə də bildirildiyi kimi Allah o anda ona hamısından daha yaxındır. Həm də təkcə o an deyil, insan ilk dəfə var olduğu andan etibarən ona ən yaxın olan yeganə varlıq Allahdır. Lakin insanların bir qismi gözləri ilə görmədikləri üçün bu həqiqətdən xəbərsiz yaşayırlar.

Allahın məkandan asılı olmadığı və hər yeri tamamilə əhatə etdiyi həqiqəti başqa bir ayədə də belə bildirilir:

Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir! (Bəqərə surəsi, 115)

Allah başqa bir ayəsində isə bu həqiqəti belə açıqlayır:

Göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Odur. O, yerə girəni də, çıxanı da, göydən enəni də, qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir! (Hədid surəsi, 4)

 Bütün bu danışılanlardan çıxan nəticə budur: tək və gerçək mütləq varlıq Allahdır. Allah elmi ilə kölgə varlıq olan insanı və digər hər şeyi əhatə etmişdir. Bir ayədə də “Sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!” (Taha surəsi, 98) deyilərək bu həqiqətə işarə edilir. Allah Quranda yer alan digər bir ayədə isə insanlara belə bir qəflət barədə xəbərdarlıq etmişdir:

Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O  hər şeyi ehtiva edəndir! (Fussilət surəsi, 54)

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme