BÜTÜN QOXULAR BEYNİN İÇİNDƏ MEYDANA GƏLİR

Bir insandan qoxuları necə hiss etdiyi soruşulsa, çox güman ki, “burnumla” deyəcək. Əslində isə bəzi insanların qəti həqiqət kimi gördükləri bu cavab doğru deyil. Yale Universitetindən nevrologiya professoru olan Gordon Shepherd “Burnumuzla qoxuladığımızı düşünürük, ancaq bu sanki “qulaq mərcəyi ilə eşidirik” demək kimi bir şeydir” sözləri ilə bunun doğru olmadığını açıqlayır.

Qoxu hissimizin funksiyası digər duyğu orqanlarımızın funksiyasına bənzəyir. Əslində burnumuzun xaricdən görünən hissəsinin vəzifəsi sadəcə kanal kimi havadakı qoxu molekullarını içəri qəbul  etməkdir. Vanil və ya gül qoxusu kim uçucu molekullar burnun epitel adlanan hissəsindəki titrək tüklərdəki reseptorlara çatır və burada qarşılıqlı əlaqəyə keçir. Qoxu molekullarının epitel bölgəsindəki əlaqəsi beynimizə elektrik siqnalı kimi çatır. Bu elektrik siqnalları isə beynimizdə qoxu kimi şərh edilir.

Beləliklə, bizim xoş və ya pis adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsir nəticəsində elektrik siqnalına çevrildikdən sonra beyindəki şərh formasından başqa bir şey deyil. Bir ətri, çiçəyi, xoşladığınız yeməyin və ya dənizin qoxusunu, xoşunuza gələn və ya gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Ancaq əslində qoxu molekulları beyinə heç vaxt çatmır. Səs və görüntüdə olduğu kimi qoxu hissində də beyninizə çatan yalnız elektrik siqnallarıdır.

Bu halda qoxunun istiqaməti də olmaz, çünki bütün qoxular beyninizdəki qoxu alma mərkəzində qavranılır. Məsələn, piroqun qoxusu sobadan, yeməyin qoxusu mətbəxdən, doqquzdan bitkisinin qoxusu bağdan, dənizin qoxusu metrlərlə uzaqlıqdakı dənizdən gəlməz. Hamısı tək nöqtədə, beyninizdəki lazımi yerdə qavranılır. Bu duyğu mərkəzindən kənarda sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. Bunların hər biri ilk baxışda müxtəlif təsirlərlə və müxtəlif tərəflərdən gələn kimi görünsə də əslində hamısı beyində əmələ gəlir. Qoxu alma mərkəzinizdə əmələ gələn təsirləri xarici aləmdəki maddələrin qoxusu hesab edirsiniz. Əslində isə gülün görüntüsü necə görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu alma mərkəzinizin içindədir. Xarici aləmdə həqiqi qoxu varsa da sizin bunun əsli ilə təmasda olmağınız əsla mümkün deyil.

George Berkeley bu vacib həqiqəti anlayan mütəfəkkir kimi “Əvvəl rənglərin, qoxuların və s. həqiqətdə mövcud olduğu hesab edildi; ancaq daha sonra bu cür baxışlar rədd edildi və aydın oldu ki, bunlar ancaq duyğularımız sayəsində var.” deyir.

Qoxunun hiss olduğunu anlamaq üçün yuxuları düşünmək də faydalı ola bilər. İnsanlar yuxularında necə bütün görüntüləri çox həqiqi şəkildə görə bilirlərsə, eyni şəkildə yuxularında bütün qoxuları da həqiqətdə olduğu kimi duyurlar. Məsələn, yuxuda restorana gedən hər hansı bir şəxs yeməyini menyuda olan yeməklərin qoxuları arasında yeyir, dəniz kənarına gəzintiyə çıxan biri dənizin özünəməxsus qoxusunu duyur, çobanyastığı bağçasına girən biri o mükəmməl qoxulardan həzz alır və yaxud başqa biri ətriyyat mağazasına girərək özünə ətir seçir və hətta bu ətirlərin qoxusunu tək-tək ayırd edə bilir. Hər şey o qədər həqiqidir ki, həmin şəxs yuxudan oyandıqda bu vəziyyətə təəccüb edir.

Bu mövzunu anlamaq üçün əslində yuxuları düşünməyə də lüzum yoxdur. Sadaladığımız təsvirləri hal-hazırda xəyal edib düşünməyiniz də kifayətdir. Məsələn, indi hər hansı bir çobanyastığı qoxusunu düşünün. Əlinizdə çobanyastığı olmadığına baxmayaraq, əgər fikirlərinizi cəmləsəniz, çobanyastığı qoxusunu hiss edə bilərsiniz. Qoxu o anda beyninizdə əmələ gələcəkdir. Necə hal-hazırda ananızı gözünüzün önünə gətirmək istədikdə ananızın yanınızda olmadığına baxmayaraq, onu zehninizdə görə bilirsinizsə, buna bənzər şəkildə çobanyastığının qoxusunu da zehninizdə duya bilirsiniz.

Washington Universitetindən psixoloq Michael Posner və nevroloq Marcus Raichle xarici aləmdən hər hansı bir siqnal gəlmədiyi halda görüntü və ya başqa bir hissin necə əmələ gəldiyi haqqında belə izahlar verirlər:

“Gözlərinizi açın, bir mənzərə sizin qarşınızda canlanacaq. Gözlərinizi yumun və o mənzərəni düşünün. Bu şəkildə o mənzərənin bir görüntüsünü xəyal edə bilərsiniz, qətiyyən sizin gözlərinizlə gördüyünüz mənzərədən canlılığı, aydınlığı və tamlığı ilə fərqlənmir. Lakin hələ mənzərənin əsas xüsusiyyətlərinə malik tərzdədir. Hər iki vəziyyətdə də mənzərənin bir görüntüsü zehində əmələ gəlir. Həqiqi əyani şəkildə, görərək əmələ gələn görüntü xəyal edilən  görüntüdən fərqləndirilməsi baxımından “hiss” adlandırılır. Hiss tor qişaya təsir edən və daha sonra beyində müəyyən prosesdən keçiriləcək siqnalları göndərən işığın məhsulu kimi ortaya çıxır. Lakin bu siqnalları göndərmək üçün heç bir işıq tor qişaya təsir etmədikdə bir görüntünü necə əmələ gətiririk?

Göründüyü kimi görüntünün zehnimizdə əmələ gəlməsi üçün xarici aləmdə  hər hansı bir mənbə olmasına ehtiyac yoxdur. Eyni vəziyyət qoxu hissinə də aiddir. Necə ki, yuxuda və ya xəyalınızda olmayan bir qoxunu duya bilirsinizsə, gerçək həyatda da qoxusunu duyduğunuz cisimlərin xarici aləmdə necə olduğunu bilmirsiniz. Əsla onların əsilləri ilə təmasda ola bilməzsiniz.

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme