Bura qədər olan bölmələrdə həyatımıza aid bütün hisslərin beynimizdə əmələ gəldiyini nəzərdən keçirdik. Burada bir az diqqətlə düşünən hər insanın soruşacağı çox vacib sual ilə qarşılaşırıq.
Məlumdur ki, gözümüzdəki hüceyrələrdən gələn elektrik siqnalları beynimizdə görüntüyə çevrilir. Məsələn, beyin görmə mərkəzinə gələn bəzi elektrik siqnallarını günəbaxan tarlası kimi şərh edir. Elə isə görən göz deyil.
Əgər görən gözlərimiz deyilsə, elə isə beynin arxa hissəsində, qapqaranlıq yerdə gözə, tor qişaya, göz bülluruna, göz sinirlərinə, göz bəbəyinə ehtiyacı olmadan elektrik siqnallarını rəngarəng günəbaxan tarlası kimi görən, gördüyü bu mənzərədən zövq alan kimdir?
Heç bir səsin girə bilmədiyi beyində qulağa ehtiyacı olmadan elektrik siqnallarını ən yaxın dostunun səsi kimi eşidən, bu səsi eşitdikdə sevinən, eşitmədikdə onun üçün darıxan kimdir?
Beynin içində bir ələ, barmaqlara, əzələlərə ehtiyacı olmadan pişiyinin tüklərini oxşadığını hiss edən kimdir?
İsti, soyuq, qatılıq, forma, dərinlik, uzaqlıq kimi toxunma duyğularını əslinin eynisi ilə beyində kim yaşayır?
Heç bir qoxunun girə bilmədiyi beynin içində limon, lavanda, gül, yemiş, qarpız, portağal, kabab qoxusunu eynisi ilə qoxulayan və kababın qoxusunu duyduqda iştahaya gələn kimdir?
Bura qədər daima duyğularımızın beynimizdə meydana gəldiyindən bəhs etmişik. Elə isə beynin içində əmələ gələn bu görüntüləri bir televizor ekranındakı kimi seyr edən, seyr etdiklərindən sevinən, kədərlənən, həyəcanlanan, razı qalan, təşvişə düşən, maraqlanan kimdir? Bütün gördüklərini və hiss etdiklərini şərh edən şüur kimə aiddir?
Həyatı boyu qapqaranıq, səssiz kəlləsinin içində ona göstərilən görüntüləri seyr edən, düşünən, nəticə çıxaran, qərar verən şüur sahibi varlıq kimdir?
Bütün bunları qavrayan, şüuru meydana gətirən varlığın şüursuz atomların əmələ gətirdiyi su, yağ, zülal kimi maddələrdən ibarət olan beyin olmadığı aydındır. Beynin fövqündə çox daha fərqli bir varlıq olmalıdır. Daniel Dennet materialist olmasına baxmayaraq kitabında bu sualı belə açıqlayır:
Şüurlu düşüncələrim və xüsusilə də günəş işığında, Vivaldidən, yüngülcə tərpənən budaqlardan aldığım zövq - necə olur ki, bütün bunlar sadəcə beynimdə əmələ gələn fiziki şeylərdir? Necə olur ki, beynimdəki elektrokimyəvi birləşmələrin kombinasiyası bu yüzlərlə zərif budağın zaman ərzində musiqi ilə diz çökməsinə çevrilir? Beynimdəki məlumatı hazırlama prosesi necə olur ki, üzərimə düşən günəş işığının istiliyinə çevrilir? Hətta beynimdəki hadisə necə olur ki, beynimdəki başqa bir məlumatı hazırlama prosesinin çertyoj şəklində əyaniləşdirilmiş zehni görüntüsünə çevrilir? Bu mümkünsüz görünür. Mənim şüurlu düşüncələrim və təcrübələrim olan hadisələr beyin prosesləri deyilmiş kimi görünür, ancaq başqa bir şey olmalıdır, şübhəsiz, beyin proseslərinin səbəb olduğu və ya onlar tərəfindən hazırlanan, ancaq buna əlavə olaraq fərqli maddədən əmələ gələn, fərqli məkana yerləşdirilmiş bir şey. Bəli, niyə də olmasın?
R.L. Gregory isə beynin arxasında olan və bütün bu görüntüləri görən bu varlığı belə şərh edir:
Gözlərin beyində şəkillər əmələ gətirdiyini söyləyən söhbət gedir, ancaq bu fikirdən çəkinmək lazımdır. Beyində şəkil əmələ gəldiyi deyilirsə, bunu görməsi üçün içəridə bir göz də olmalıdır, lakin bu gözün şəklini görmək üçün bir gözə də ehtiyac olacaq... və bu da sonsuz bir göz və şəkil olması deməkdir. Bu mümkün deyil.
Maddədən başqa varlığı qəbul etməyən materialistlərin içindən çıxa bilmədikləri əsl müəmma elə budur. Görən, gördüyünü qavrayan və reaksiya verən “içəridəki göz” kimə aiddir? Karl Pribram da elm və fəlsəfə dünyasında qavrayışı hiss edənin kim olduğu ilə bağlı bu vacib axtarışa belə diqqət çəkmişdir:
Yunanlardan bəri filosoflar “maşının içindəki xəyal”, “kiçik insanın içindəki kiçik insan” və s. üzərində daima düşünmüşlər. “Mən” – yəni beyindən istifadə edən varlıq haradadır? Əslində bilməni həyata keçirən kimdir? Assisili Müqəddəs Francisin də dediyi kimi: “Axtardığımız şey baxanın nə olduğudur.”
Bir çox insan bu mövzunu düşünərək həqiqətə lap yaxınlaşdığı halda “görən kimdir” sualının cavabını verməkdə, düşünməkdə bunda daha irəliyə getməkdə tərəddüd edir. Yuxarıdakı nümunələrdə də göründüyü kimi mənliyimizi meydana gətirən varlığa bəziləri “kiçik insan”, bəziləri “maşının içindəki xəyal”, bəziləri “beyni idarə edən varlıq”, bəziləri isə “içəridəki göz” ifadəsindən istifadə etmişlər. Bütün bu ifadələr beynin fövqündə şüur sahibi olan varlığı tərif etmək və onu dərk etmək üçün istifadə edilmişdir. Ancaq bu insanlar materialist fikirlərinə görə əslində görənin, eşidənin kim olduğunu dilə gətirə bilməmişlər.
Bu həqiqətin cavabını bizə verən yeganə mənbə dindir. Allah Quranda insanın əvvəl bədənini yaratdığını, sonra da ona “ruhundan üfürdüyünü” bildirmişdir.
Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam! Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (Hicr surəsi, 28-29)
Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 9)
Yəni, insanın bədənindən başqa varlığı da var. Beyninin içindəki görüntünü “görürəm” deyən, beyninin içində eşitdiyi səsləri “eşidirəm” deyən, öz varlığının dərk edən və “mən mənəm” deyən bu varlıq Allahın insana verdiyi ruhdur.
Ağıl və vicdan sahibi olan hər insan həyatı boyu yaşadığı hər hadisəni beyninin içindəki ekranda seyr edən varlığın ruhu olduğunu dərhal başa düşəcəkdir. Hər insan gözə ehtiyacı olmadan görə bilən, qulağa ehtiyacı olmadan eşidə bilən, beyinə ehtiyacı olmadan düşünə bilən ruha malikdir.
Tək mütləq varlığın maddə olduğunu iddia edən, insan şüurunun da yalnız beynindəki kimyəvi proseslərin nəticəsi olduğunu zənn edən materialist düşüncə isə bu mövzuda çıxılmaz vəziyyətə düşmüşdür. Bunu görmək üçün hər hansı materialistə bu sualları verə bilərsiniz:
- Görüntü beynimizdə əmələ gəlir, ancaq bu görüntünü beynimizdə kim seyr edir?
- Hal-hazırda yanınızda olmayan aşağı mərtəbədəki qonşunuzu gözünüzün qarşısına gətirin. Onu aydın şəkildə görürsünüz. Paltarının detalları, üz cizgiləri, saçlarındakı ağlar, səsinin tonu, danışıq tərzi, yerişi ilə xəyalınızda çox aydın şəkildə canlandırdığınız bu insanı kim seyr edir?
Bu və buna bənzər sualları materialistlərə verdikdə heç bir cavab ala bilməzsiniz. Çünki bu sualların tək cavabı Allahın insana verdiyi ruhdur. Materialistlər isə maddədən başqa heç bir varlığı qəbul etmirlər. Elə buna görə bu kitabda izah edilən qeyri-adi həqiqət Allahın varlığını inkar edən materialist düşüncəyə ən böyük zərbə vuran, materialistlərin düşünməkdən və haqqında danışmaqdan ən çox çəkindikləri mövzudur.